BDU nanomaterialların kimyəvi fizikası kafedrası Azərbaycan Respublikası Nazirlər Sovetinin 21/4-157 saylı 15 noyabr 1971-ci il tarixli sərəncamı əsasında Təhsil Nazirliyi kollegiyasının 7/8 saylı 12 may 1972-ci il tarixli qərarına əsasən yaradılmışdır. Kafedra yaradılarkən ilk dövrlərdə "Atom və molekulların kvant mexanikası" sonra isə "Kimyəvi fizika" adlandırılmışdır. Kafedra BDU-nun Elmi şurasının 06.01.2006-cı il tarixli qərarı ilə və BDU-nun rektorunun R-05 12.01.06 əmri ilə nanomaterialların tədqiqinin müasir elmi-texniki əhəmiyyətini nəzərə alaraq bu sahəni daha dərindən öyrənmək, tədrisini təşkil etmək, elmi-metodik araşdırma istiqamətini formalaşdırmaq məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kimi adlandırılmışdır. Kafedra uzun müddət respublika üçün atom və molekul fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda kafedranın müdiri fizika elmləri doktoru, professor M.Ə.Ramazanovdur. O, 1958-ci ildə anadan olmuş, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsini bitirmişdir. 1989-cu ildə yarımkeçiricilər və dielektriklər fizikası (01.04.07) üzrə namizədlik, dissertasiyası müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası yanında AAK-ın qərarı ilə Baş elmi işçi attestatını almışdır. Sonra o, Azərbaycan EA Fizika İnstitutu nəzdindəki XKB "Registirdə" mühəndis, böyük mühəndis və laboratoriya müdiri (1986-1992) vəzifələrində işləmişdir. 1992-ci ildə köcürülmə yolu ilə Fizika İnstitutuna böyük elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. 2002-si ildə aparıcı elmi işçi vəzifəsinə attestasiya komisiyasının qərarı ilə keçirilmişdir. 2004-cü ildə AMEA Azərbaycan Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutuna direktorun 1-ci müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə BDU-nun Nano araşdırma mərkəzinə müdir vəzifəsinə işə dəvət olunmuşdur. Sonra Fizika Problemləri İnstitutuna direktor müavini, 2006-cı ilin iyulun 1-dən Nanomaterialların kimyəvi fizikası kafedrasına müdir seçilmişdir. O, 315 elmi işin(bunlardan 61 maqalə Tomson reyter agentliyinin jurnallarında çap olunmuşdur), 21 ixtiranın - o cümlədən 13 müəlliflik şəhadətnaməsinin və 8 patentin müəllifidir. Onun rəhbərliyi ilə 7 aspirant müdafiə etmişdir.
Kafedranın nəzdində bir tədris laboratoriyası fəaliyyət göstərir. Kafedrada 10 əməkdaş çalışır. Hal-hazırda kafedrada 6 elmlər doktoru proqramı üzrə, 5 fəlsəfə doktoru və 15 magistr hazırlanır və onlar elmi tədqiqat işləri aparır.
Kafedranın yaradıcısı və uzun müddət (1972-1993) ona rəhbərlik etmiş f.r.e.d., professor İ.İ.Hüseyinov hal-hazırda Türkiyə universitetlərində çalışır və kafedra ilə daim elmi əlaqə saxlayır. Atom və molekul fizikası üzrə dünya miqyasında tanınmış bir alim kimi kafedranın yaranmasında və inkişaf etməsində onun böyük rolu vardır. Kafedraya uzun müddət (1993-2005) f.r.e.d. prof. T.M.Mürsəlov rəhbərlik etmişdir. Bu dövrdə kafedra kimyəvi fizika, yanma və partlayış istiqaməti üzrə «Çoxelektronlu məsələlərin həlli üçün kvantmexaniki və hesablama metodlarının inkişaf etdirilməsi» problemi ilə məşğul olmuşdur. Kafedranın əməkdaşları BDU fizika və kimya fakültələrində mühazirələr və məşğələlər aparır, diplom işlərinə və magistr dissertasiyalarına rəhbərlik edirlər. Kafedrada atom və molekul fizikası üzrə 2 doktorluq, 20-yə yaxın namizədlik dissertasiyaları hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. Kafedra əməkdaşlarının elmi məqalələri nüfuzlu beynəlxalq və respublika elmi jurnallarında dərc olunmuş, onlar müxtəlif simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişlər.
Son on ildə kafedrada ali məktəblər üçün 12 (1 dərslik, 4 dərs vəsaiti, 6 kütləvi oxucu üçün kitab və ABŞ-da çap olunmuş 1 monoqrafiya) kitab çap olunmuş, 229 məqalə (respublikada 96, xaricdə 133, bunlardan 80 maqalə Tomson agentliyinin elmi jurnallarında) dərc edilmiş, elmi konfranslarda 190 tezis (respublikada 101, xaricdə 89) məruzə olunmuş, 4 ixtira üçün patent alınmış və ümümi dəyəri 5,5 milyon manatlıq qrant layihələri yerinə yetirilmişdir. Kafedra MDB ölkələrinin və Avropa İtifaqi ölkələrinin uyğun elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əlaqələr saxlayır və əməkdaşlıq edir və birlikdə beynəlxalq konfranslar təşkil edir.
Ünvan: AZ1148 Bakı ş., akad.Z.Xəlilov küçəsi 23, BDU əsas bina, fizika fakültəsi, Tel. (99412)5387217.
|