Search

Axtarış


Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017
Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib. Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Kanadalı nazir Bakı Dövlət Universitetində

05/09/2017
Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib. Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar

11/07/2017
Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.  

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10 illiyinə həsr olunmuş “Fizikanın Müasir Problemləri” IX Elmi konfransının keçirilməsinə hazırlıq işləri gedir

19/11/2015

Bu günlərdə, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutu, mütəmadi olaraq keçirdiyi “Fizikanın Müasir Problemləri” Elmi konfransının IX iclasına hazırlaşır. 2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı strategiyasının işlənilmiş istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiq sahələri ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının araşdırmalarında İnstitutun əməkdaşları aktiv iştirak ediblər.
Qarşıdan gələn konfransda müzakirə olunacaq bəzi problemlərin üst-üstə düşməsi, bir çoxunun isə fizikanın müxtəlif bölmələri, yaxud digər təbiət elmlərinin təmas xəttində bir-birini tamamlaması, bu konfransın səmərəliliyini daha aşkar şəkildə göstərir.
Konfransda, fullerenlər və nanoboruların tədqiqi də daxil olmaqla, materiyanın fundamental problemləri ilə yanaşı ‘eko-elmlər’ də daxil olmaqla bir sıra tətbiqi elm sahələrinin problemləri də müzakirəyə çıxarılacaqdır. BDU-nun Kimya, Eologiya və Torpaqşünaslıq, Coğrafiya, Beynəlxalq Münasibətlər və İqtisadiyyat, Tətbiqi Riyaziyyat və Kibernetika, və Mexanika-riyaziyyat fakültələrinin nümayəndələrinin iştirakı ilə yanaşı, AMEA-nın Fizika, Radiasiya Tədqiqatları və Coğrafiya İnstitutlarının aparıcı alimlərinin çıxışları da gözlənilir.
BDU Fizika Problemləri İnstitutunda aparılan tədqiqatlar xarici ölkələrin müxtəlif fondlarınından alınan qrantlarla yanaşı, Azərbaycan Respublikasının prezidentinin 21 oktyabr 2009-cu il 526 saylı sərəncamı ilə yaradılmış Elmin İnkişaf Fondunun da qrantlar şəklində maliyyə dəstəyi ilə də həyata keçirilir.
Elmi konfransların keçirilməsi elmi müzakirələrlə yanaşı, həmçinin, müxtəlif ölkə alimləri ilə təmas qurmaq və Beynəlxalq qurumların maliyyələşdirdikləri proyektlərə qoşulmaq kontekstində faydalılığı, BDU Fizika Problemləri İnstitutunun keçirdiyi “Fizikanın Müasir Problemləri” Elmi Konfransının timsalında özünü daha qabarıq şəkildə nümayiş etdirir.

Bookmark and Share