Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

“Faiq Heydər oğlu Paşayev 60”

07/04/2015

“Faiq Heydər oğlu Paşayev 60”

İnsanın seçdiyi peşə, gördüyü işin xarakteri də təbiətinə uyğun olmalıdır. Yalnız belə olduqda insanın həyatı mənalı, hüzurlu, əmək fəaliyyəti məhsuldar olur, iş yerində, yaxın ətrafında hörməti olan lazımlı şəxsə çevrilir. Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Paşayev Faiq Heydər oğlu, məhz belə insanlardan olduğuna görə, hər kəsin hörmətini qazanmışdır. Mülayim xarakteri, aydın, səlis nitqi, tələsmədən, səbrlə müzakirə etmə qabiliyyəti, səliqəli və ardıcıl anlatma məharəti onu hər bir tələbənin sevimlisinə çevirmışdır. Belə müəllim olmanın səbəblərindən birincisi onun doğulduğu ailə ilə əlaqədardır. Müəllim ata və ananın, halal zəhməti ilə boya-başa çatdırdığı övladlardan biridir Faiq müəllim. Bu ailədə böyüyən bütün övladlar kimi kiçik yaşlarından zəhmətə alışmış, sistemli şəkildə öz üzərində işləyərəq bilik və bacarığını artırmaq vərdişi qazanmışdır. O, 1972-ci ildə Gədəbəy rayonu Böyük Qaramurad kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə elmi-tədqiqat işlərinə böyük maraq göstərmişdir. Univerisitet təhsilini uğurla başa vurduqdan sonra, təyinatla, 1977-1980-ci illərdə Lənkəran rayonunda, orta məktəbdə fizika müəllimi işləmişdir. Lakin tədris fəaliyyəti ilə yanaşı elmi-tədqiqat işləriylə məşğul olmaq həvəsi heç zaman sönməmiş və bu həvəs onu yenidən Bakı Dövlət Univerisitetinə qaytarmışdır. Faiq müəllim 1981-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1981-1982-ci illərdə elmi-tədqiqat laboratoriyasında mühəndis, 1982-1996-cı illərdə baş laborant, 1996-2009-cu illərdə “Nanomaterialların kimyəvi fizikası” kafedrasında baş müəllim vəzifələrində işləmişdir. 2009-cu ildən isə həmin kafedranın dosent vəzifəsində çalışır. 1988-ci ilin fevral ayında “Sleyter funksiyalarının köçürülməsi metodu və molekulların hesablanmasında onun bəzi tətbiqləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Paşayev Faiq Heydər oğlu 100-dən artıq elmi tədqiqat işinin və “Atom və molekul fizikasında riyazi metodlar” adlı dərs vəsaitinin həmmüəllifidir. Onun elmi işləri bir çox nüfuzlu respublika və beynəlxalq elmi jurnallarında çap olunmuşdur. O, bir çox respublika və beynəlxalq miqyaslı elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Paşayev Faiq Heydər oğlu BDU-nun fizika və kimya fakültələrində bakalavr pilləsində “Molekul fizikası”, “Kvant kimyası”, “Nanoquruluşlar fizikası” fənlərindən, magistratura pilləsində isə “Atomun kvant nəzəriyyəsi”, “Molekulun kvant nəzəriyyəsi”, “Kompleks birləşmələrin molekulları” və s fənlərindən mühazirə və məşğələ dərslərini tədris edir. Bundan başqa, F.H.Paşayev magistr dissertasiyalarına və buraxılış işlərinə də rəhbərlik edir. Paşayev Faiq Heydər oğlu təhsil aldığı, işlədiyi müddət ərzində Universitetin ictimai həyatında fəal iştirak etmiş, özünü bacarıqlı və bilikli əməkdaş kimi göstərmiş, işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Hal-hazırda “Molekul fizikası” ixtisası üzrə elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır və “Çoxelektronlu sistemlərin Sleyter atom orbitalları bazisində xassələri” mövzusu üzrə elmi-tədqiqat işləri aparır. Faik Paşayev sadə bir insan, gözəl ailə başçısı, təvazökar alim və müəllim kimi elm aləmində, təhsilimizdə xüsusi rəğbət qazanmışdır. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

 

Bookmark and Share