Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

19/10/2018
BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib. Elmi seminarda Mərkəzin əməkdaşı , əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Jiseok  Kim  “Biomedical and electronic applications with nanomaterials” (Nanomateriallarla biotibbi və elektronik tətbiqlər )  mövzusunda çıxış edib. O, apardığı elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıb , onların təklif və iradlarına münasibət bildirib. Qeyd edək ki, Nanoaraşdırmalar Mərkəzində bu il fəaliyyətə başlayan Kim Jiseok bakalavr səviyyəsi üzrə təhsilini Türkiyədə, magistratura səviyyəsini Cənubi Koreyada, doktoranturanı isə Kanadada bitirib . Seminarda Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları, doktorantları və tələbələr iştirak ediblər.

Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasında növbəti Elmi seminar keçirilmişdir

11/10/2018
Kafedranın dissertantı Hümbətov Şirxan Ərəstun oğlu dissertasiya işində nəzərdə tutulmuş elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış etmişdir. Hümbətov Şirxan Ərəstun oğlu “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim etmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, onların təklif və iradlarına dair müzakirələr aparılmışdır.

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

21/09/2018
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laborotoriyasının elmi işçisi, doktorant Almara Rəhimli iyun-sentyabr ayları ərzində Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparıb. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu və BDU tərəfindən maliyyələşdirilib. Tədqiqatçı üç aylıq elmi ezamiyyəti müddətində kolloidal silisium nanohissəciklərinin səthinin yeni metodla polimerlə örtülməsi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olaraq əhəmiyyətli nəticələr əldə edib. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

Nobel mükafatı laureatı Aziz Sancar Nanoaraşdırmalar laboratoriyasının qonağı olub

13/06/2017

Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub.
Təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor, eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkib, universitetdə Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən danışıb.
Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı Aziz Sancar elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlərlə maraqlanıb.
Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. Rektor Abel Məhərrəmov bildirib ki, prezident İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən yaradılan mərkəzdə ötən illər ərzində nobel mükafatları laureatlarının, o cümlədən dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. 12 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.
Nobel mükafatı laureatı Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Sonda Nobel mükafatı laureatı Aziz Sancara BDU-nun xatirə hədiyyələri təqdim edilib.


Bookmark and Share