Search

Axtarış


BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

23/01/2018
Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Nobel mükafatı laureatı Con Polani Nanoaraşdırmalar mərkəzində mühazirə oxuyub

07/03/2016

Bu gün Kanadanın Toronto universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Polani Bakı Dövlət Universitetində olub. Rektor akademik Abel Məhərrəmovla görüşdə BDU-da elmin müxtəlif istiqamətləri, o cümlədən nanotexnologiyalar və innovasiyalar sahəsində aparılan işlər müzakirə edilib, «Kiçik zərrəciklər kimyası və fizikası» adlı beynəlxalq elmi jurnalın hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Akademik Abel Məhərrəmov azərbaycanlı alimlərin ABŞ, Avropa və nanotexnologiya sahəsində inkişaf etmiş digər ölkələrin elm xadimlərinin bu sahədəki təcrübələrindən yararlandıqlarını diqqətə çatdırıb və Con Polaninin universitetin Nanoaraşdırmalar mərkəzində çıxış etmək arzusunu yüksək qiymətləndirib.

Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. Rektor Abel Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən 10 il bundan əvvəl yaradılan mərkəzdə ötən illər ərzində 10-dək nobel mükafatı laureatının, o cümlədən dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. Kimya üzrə nobel mükafatı laureatı Con Polani həmin ənənənin davamı olaraq univesitetin qonağıdır. Sonra rektor alim haqqında ətraflı məlumat verib, həyatı və elmi fəaliyyətinin əsas məqamları, layiq görüldüyü mükafatlar barədə danışıb.

Nobel mükafatı laureatı Con Polani universitetdə nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri, kadr hazırlığı ilə maraqlanıb və bu sahədə reallaşdırılan işləri yüksək qiymətləndirərək tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində tövsiyələrini verib. Sonra professor Con Polani universitetin professor-müəllim heyəti üçün “Səthdə reaksiyaların getməsində molekulyar rəqslərin rolu” barədə məruzə ilə çıxış edib, alim və tələbələrin suallarını cavablandırıb.

Nanoaraşdırmalar mərkəzinin müdiri, professor Məmmədəli Ramazanov 10 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verib və fəaliyyəti dövründə ümumilikdə 7,5 milyon ABŞ dolları məbləğində beynəlxalq qrant layihələrini həyata keçirdiyini bildirib. O da məlum olub ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, intensivləşdirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir. Qarşlıqlı müzakirələr əsasında nobelçi Con Polani və nanoaraşdırmalar laboratoriyasının əməkdaşları əlaqələrin inkişafı, o cümlədən gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda Nobel mükafatı laureatı Con Polaniyə «BDU-nun Fəxri qonağı» diplomu təqdim edilib.

Bookmark and Share