Search

Axtarış


Nobel mükafatı laureatı Aziz Sancar Nanoaraşdırmalar laboratoriyasının qonağı olub

13/06/2017
Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub. Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.  Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. 12 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.Nobel mükafatı laureatı Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Görkəmli alim Roald Zinnurovic Saqdeev Nano Araşdırmalar laboratoriyasının qonağı olub

07/06/2017
ABŞ Merilend Universitetinin professoru Roald Zinnurovic Saqdeev Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nano Araşdırmalar laboratoriyasının qonağı olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov son illər fakültədə əldə edilən nailiyyətlər, o cümlədən  laboratoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib.  Professor Roald Zinnurovic Saqdeev laboratoriyada həyata keçirilən işləri yüksək dəyərləndirib və bu istiqamətdə fikirlərini bölüşüb. Daha sonra fakültə əməkdaşaları ilə bir sıra aktual elmi mövzular və əməkdaşlıq məsələləri müzakirə olunub.

05/06/2017
Bakı Dövlət Universitetində  son  zamanlar  orta  məktəblərin istedadlı şagirdlərinin respublika  və beynəlxalq  olimpiadalara  hazırlanması istiqamətində ciddi işlər görülür. 2008-ci  ildən mütəmadi olaraq  BDU-nun Nano Araşdırmalar laboratoriyasında  Respublikanın orta məktəblərinin içərilərindən seçilən istedadlı şagirdləri beynəlxalq olimpiadalarda uğurla iştirak edərək müstəqil Azərbaycanın bayrağını ən yüksək yerlərə qaldırırlar.  Bu il yenə də Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  prof. M.Ə.Ramazanov  və dosent İ.S.Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş,  Bakı Avropa Liseynin  X R1 sinif şagirdi  İbrahimova Fidan Qasım qızının “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda elmi tədqiqat layihəsi Türkiyənin İstanbul  şəhərində 23  - 25 may 2017-ci il tarixində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında  təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 layihə içərisindən qalib hesab edilərək 1-ci yerə layiq görülmüş və  mükafatlandırılmışdır.  

BDU-nun professoru STAR-NET şəbəkəsinin iclasında iştirak edib

07/10/2016

Moskva Milli Tədqiqatlar Nüvə İnstitutunda "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisinin genişləndirilmiş iclası keçirilib. Şəbəkənin prezidenti, Milli Tədqiqatlar Nüvə İnstitutunun rektoru Mixail Strixanov tədbir haqqında məlumat verdikdən sonra STAR-NET şəbəkəsinin üzvlüyünü təsdiq edən sertifikatları nümayəndələrə təqdim edib. Sonra şəbəkənin infrastrukturunun yaradılması barədə İcraçı direktor, professor A.N.Kosilov çıxış edib. Çıxışdan sonra şəbəkənin Beynəlxalq Atom Agentliyinin (İAEA) nüvə texnologiyası sahəsində çalışan universitetlərlə əməkdaşlıq məsələləri müzakirə edilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov təmsil edib. Dəyirmi masada çıxış edən professor Məhəmmədəli Ramazanov qeyd edib ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır.

Sonda Baş Məclisin protokolunun imzalanma mərasimi keçirilib. Rəsmi görüşdən sonra Milli Tədqiqatlar Nüvə İnstitutunun Nanotexnologiya mərkəzinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 13 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür.

Bookmark and Share