Search

Axtarış


BDU alimləri Vyanada STAR-NET-in Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclasında iştirak ediblər

08/11/2017
Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent Flora Hacıyeva təmsil edib. Şəbəkənin icraçı direktoru Andrey Kosilov çıxış edərək tədbirin zəruriliyi, şəbəkənin strukturu, yenidən seçilməsi və rəsmi qeydiyyatdan keçdikdən sonra fəaliyyəti haqqında məlumat verib. BAEA-nın maliyyə dəstəyi ilə keçirilən iclasda şəbəkənin yeni strukturu müəyyənləşib və professor Məhəmmədəli Ramazanov yenidən rəyasət heyətinə üzv seçilib. Tədbirlə bağlı davam edən dəyirmi masalarda STAR-NET şəbəkəsi təhsil portalının geniş müzakirələri aparılıb və görülən işlər yüksək qiymətləndirilib. Müzakirələr zamanı tədbir iştirakçıları qeyd ediblər ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır və hazırlıq işləri BAEA-nın nəzarəti altında aparılmalıdır. Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 12 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür. Onu da qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Cventendorfdakı Atom elektrik stansiyasına ekskursiyaları təşkil olunub.

Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017
24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmişlər.

Şərəfli ömrün məqamları

25/09/2017
XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Təhsilə yeni baxış

08/10/2015

Təhsilə yeni baxiş, “Açıq dərs” proqramında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov deyib.
Onun fikrincə, orta məktəblərdən ali məktəblərə gələn şagirdlərin biliyi təfəkkürə yox, yaddaşa söykənir: “Bu nə deməkdir? Yəni şagird orta məktəbdə təhsil alır və müəyyən bazaya malik olur. Onlar ali məktəbə qəbula yaxın dövrlərdə repetitorlardan dərs almağa başlayırlar. Həmin repetitorlar şagirdləri təfəkkürə yox, yaddaşa söykənən bilik üzərində hazırlayırlar. Bizə gələn xammalın keyfiyyətinin müəyyənləşdirilməsi, orta məktəb və ali məktəb arasındakı uçurumu araşdırmaq üçün tədqiqat işi aparmışıq. Tədqiqatlar ona söykənib ki, çox yüksək balla universitetlərə daxil olan tələbələrin böyük əksəriyyəti elə ilk semetrdə qeyri-kafi qiymət alırlar. Yəni ali məktəbdə tələbələr imtahanı yazılı şəkildə verir. Müəllimlər onların əzbərlədiklərinə yox, düşüncələrinə qiymət verir. Nəticədə böyük bir uçurum yaranır. Bu da təbii ki, ali məktəblərə yüksək balla daxil olan tələbələrin psixoloji durumuna mənfi təsir göstərir. Beləliklə, zəif düşüncəsi olan tələbələr ruhdan düşür, onların bir qismi isə yavaş-yavaş bu sistemə qayıdır. Odur ki, əgər biz Azərbaycanın təhsil sistemində problemləri aradan qaldırmaq istəyiriksə yaddaşa söykənən biliyə yox, təfəkkürə söykənən biliyə keçməliyik”.

M.Ramazanov çıxışında elmdə yaşlanma probleminə də toxunub və vacib hesab edib ki, bu sahədə gəncləşmə olmalıdır. Onun sözlərinə görə, elmdə xüsusən gənc oğlanların sayı artmalıdır: “BDU-nun Fizika fakültəsində 90-a yaxın müəllim var. Bunlardan 10 nəfərin yaşı 75-dən yuxarıdır. 25 nəfərin yaşı 65-75 arasındadır. Ən cavan 3 müəllimimiz var və onların yaşı 25-35 arasındadır. Elmdə qadınların sayı kişiləri üstələyir. Ən fəlakətli hal odur ki, fizika fakültəsində də bu hal yaşanır. Elə elm sahələri var ki, kişilər üçündür. Yəni həmin elmin tədiqat obyekti kişilərə aiddir. Məsələn, yüksək gərginliklərlə, mürəkkəb sxemlərlə kişilər işləməlidir. Azərbaycanda magistraturada təhsil alan oğlanların sayı ölkə üzrə magistrantların 5 faizini təşkil edir. Çünki onlar orduya xidmətə gedirlər. Amma qayıdandan sonra biz onları tədrisə cəlb edə bilmirk. Xidmətdən qayıdandan sonra onlar kənar yerlərdə iş axtarırlar. Odur ki, magistrantlara hərbi xidmətdən möhlət hüququ vermək məsələsi həll edilməlidir. Bu, Azərbaycan üçün çox vacib məsələdir. Amma niyə həll olunmadığı mənə çatmır”.

M.Ramazanov onu da əlavə edib ki, naşı, biliyi və təcrübəsi olmayan adamlar magistrantlara möhlət hüququnun verilməsi məsələsini başqa cür yozmağa çalışırlar və dolayı yolla magistrlərin orduya getməsinin vacibliyini əaaslandırmağa çalışırlar: “Bəli, Azərbaycanın bütün sağlam adamlarının orduya getmək borcudur. Bu vəzifəni 35 yaşına kimi hamı yerinə yetirməlidir. Amma Konstitusiyamızda da var ki, Azərbaycan vətəndaşları fasiləsiz təhsil almaq hüququna malikdir. Biz bunu təmin eləməliyik. Xüsusən magistraturada”.













Bookmark and Share